Bakıda 14-cü Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi başlayıb

Bu gün Bakı Ekspo Mərkəzində 14-cü Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika, 5-ci Yubiley Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai Nəqliyyat sərgiləri  öz işinə başlayıb.

 

APA TV-nin xəbərinə görə, hər iki sərgi Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir.

 

“TransCaspian” sərgisi Qafqaz regionunda nəqliyyat sahəsinin aparıcı tədbiridir və Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına, tranzit yüklərin Azərbaycan ərazisindən daşınması imkanlarının nümayişinə və yük sahibləri üçün ən optimal daşıma variantlarının müəyyənləşdirilməsinə şərait yaradır. Sərgi hər il yükdaşıma və logistika şirkətləri, vaqon avadanlıqlarının istehsalçıları, gəmiqayırma şirkətləri, nəqliyyat üçün intra-logistika və informasiya sistemlərinin istehsalçıları, eləcə də dəniz və çay limanlarının nümayəndələrini öz meydançasında toplayır.

 

“TransCaspian 2015” sərgisində Azərbaycan, Almaniya, Avstriya, Belarus, Gürcüstan, Latviya, Litva, Rusiya, Fransa və İsveçrədən 72 şirkət iştirak edir. İki gün davam edəcək sərgidə onlar öz müəssisələrinin avadanlıqlarını nümayiş etdirirlər.

 

Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Azərbaycanın dövlət nəqliyyat strukturları - “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Dövlət Avtomobil Nəqliyyat Xidməti də iştirak edir. Paralel olaraq keçirilən  5-ci Yubiley Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat sərgisində   müxtəlif ölkələrdən 52 şirkət iştirak edir. Bu şirkətlər tərəfindən yol, körpü və tunellərin tikintisi üzrə xidmətlər, habelə yol-tikinti avadanlığı və materialları, yol təhlükəsizliyi vasitələri və s məhsullar təqdim olunur. Sərgidə Azərbaycanın Nəqliyyat Nazirliyi  Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də iştirak edir. Belə ki, mərkəzin sərgi stendində şəhər küçələrində quraşdırılan, şəhər nəqliyyatına real zamanda nəzarət etmə imkanı yaradan və bu informasiyanı NİİM-ə ötürmə qabiliyyətinə malik olan müasir avadanlığın nümunələri sərgilənir.

 

NİİM-in mətbuat katibi Şəfa Mehmanqızı bildirib ki, mərkəz  Birinci Avropa Oyunlarının nəqliyyat məsələləri üzrə qərargahı seçilib: "Buna görə də biz Avropa Oyunları  ilə bağlı stenddə çalışmışıq ki, bir çox yenilikləri mərkəzin gördüyü işlər barədə məlumatları əks etdirək".

 

Onun sözlərinə görə, Birinci Avropa Oyunları zamanı oyunların keçiriləcəyi bütün ərazilərdə marşrut şəbəkələri NİİM mütəxəssisləri tərəfindən qrafik video şəklində işlənib hazırlanıb: "Maket olaraq biz hazırda Ziya Bünyadov prospektini də nümayiş etdiririk burda. Bu tabloların əvvəlkilərdən üstünlüyü odur ki, eyni anda sürücülər 5 məlumatı birdən görə biləcəklər. Həm yoldakı vəziyyəti, həm yolda olan orta sürət həddini, temperaturu, vaxtı, küləyin surətini bir ani baxışla 5-6 məlumatı əldə edə biləcəklər. Bu tablolar eyni zamanda daha mükəmməldir, daha dəqiqdir. Əlavə olaraq onu söyləyim ki , bu tablolar əvvəlkilərdən daha uzunömürlüdür. Bu tabloları quraşdırarkən fürsətdən istifadə edib Lökbatan dairəsi yaxınlığında da bir tablo quraşdırdıq ki, rayondan gələn bütün sürücülər artıq istiqamətlərini bu tablo vasitəsi ilə müəyyənləşdirə biləcəklər. Və hansı yolda sıxlıq var, digərindən istifadə etmək imkanını əldə edə biləcəklər. Oyunlar bitəndən sonra bu tabloların sayının artırılacağı gözlənilir".

 

Paytaxtın 8 məntəqəsində yeni tipli iki tərəfli məlumat informasiya tablosu quraşdırılıb ki, hazırda onlar testdən keçirilir və Avropa Oyunları zamanı tam istifadəyə veriləcək.

 

Qeyd edək ki, bu il Bakı Ekspo Mərkəzinin xarici meydançasında “Ekomobil” şirkətinin təqdim etdiyi elektrik avtomobillərin sınaq testi keçiriləcək.

 

13 may tarixində isə “TransCaspian” sərgisi çərçivəsində “Stadler Rail Group” şirkəti və “Azərbaycan Dəmir Yolları” QSC arasında müqavilənin imzalanması mərasimi baş tutacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova