Aydın Əliyev Vyetnam maliyyə nazirinin müavinini qəbul edib

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Vyetnam maliyyə nazirinin müavini, gömrük və vergi üzrə dövlət idarəçiliyi sahəsində kurator Do Hoang Anh Tuanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA TV-nin xəbərinə görə, Aydın Əliyev Vyetnam prezidentinin sabah Azərbaycana gözlənilən rəsmi səfərindən məmnunluq duyduğunu deyib. DGK sədri bildirib ki, bu səfər zamanı gömrük sahəsində əməkdaşlıq məsələlərinə də xüsusi yer ayrılması təqdirəlayiqdir. Aydın Əliyev əlavə edib ki, Vyetnam prezidentinin səfəri çərçivəsində mayın 14-də iki ölkə arasında gömrük məsələlərinə dair hökumətlərarası saziş imzalanacaq.

 

“Saziş imzalanandan sonra və burada biznes əlaqələrinin daha da geniş yaradılmasından sonra iki ölkə arasında ticarət dövriyyəsi daha da artacaq”, - deyə A. Əliyev bildirib.

 

Vyetnamın maliyyə nazirinin müavini, gömrük və vergi üzrə dövlət idarəçiliyi sahəsində kurator Do Hoang Anh Tuan isə bildirib ki, imzalanacaq saziş hər iki ölkənin gömrük orqanları arasında əməkdaşlığa müsbət təsir edəcək.         

 

Qeyd edək ki, görüşün sonunda Vyetnamın maliyyə nazirinin müavini tərəfindən DGK sədri Aydın Əliyevə xatirə hədiyyəsi təqdim edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv