Lənkəranda körpü uçdu
Lənkəran rayonunda magistral yolda körpü uçub.
APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə Ələt-Astara magistralının Liman şəhəri ərazisində qeydə alınıb. Belə ki, Boladıçay üzərində uzunluğu 50, eni 7 metr olan körpü tən ortasından 14 metr uzunluğunda dağılaraq uçub.
Məlumata görə, körpü üzərindən “Shacman” markalı ağır tonnajlı yük maşını keçdikdən sonra uçqun baş verib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Hazırda nəqliyyat vasitələri alternativ olaraq Lənkəran-Boradigah və Boladi-Zövlə yollarından istifadə edirlər. Hadisə yerinə müvafiq qurumların əməkdaşları, habelə xeyli sayda ağır texnika cəlb olunub. Hadisənin nəticələrinin aradan qaldırılması, alternativ yolun salınması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, uçan körpü 50 il əvvəl istifadəyə verilib.