Fransada polisin miqrantları döyməsini əks etdirən video yayılıb
Fransada miqrantların hüquqlarını müdafiə təşkilatı ölkə polisinin mühacirlərə qarşı sərt davranışını əks etdirən video yayıb.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, kadrlarda miqrantların sahil şəhəri Kaleyə gedən yolda asayiş keşikçiləri tərəfindən döyüldüyü görüntülənir.
Video Fransanın daxili işlər naziri Bernar Kaznevin mühacirlər üçün açılan yeni mərkəzi ziyarətindən bir gün sonra çəkilib. Nazir onlara rahat şəkildə yaşayacaqları barədə söz də verib.
Əsasən Afrika ölkələrindən olan miqrantların məqsədi Böyük Britaniyaya getməkdir. Onların əksəriyyəti tez-tez sonradan bərə ilə krallığa aparılan maşınların yük yerlərindən aşkarlanırlar. Bernar Kaznev miqrantlara deyib ki, onlar bu cəhdlərindən əl çəksinlər, mühacirlər isə bunun müqabilində Fransadan siyasi sığınacaq istəyiblər. Kale şəhəri yaxınlığındakı miqrant şəhərciyində insanlar çadırlarda məskunlaşıblar. Orada isə vəziyyətin olduqca ağır olduğu deyilir. Fransa ombudsmanı Jak Tubon polis tərəfindən döyülən miqrantlarla bağlı araşdırmaya başlanacağını bildirib.