Makedoniyada siyasi böhran: baş nazirin istefası tələb olunur

Makedoniyanın Kumanovo şəhərində sakinlərlə polis arasında baş verən qarşıdurma hökumətdə böhran yaşanmasına səbəb olub.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, ölkənin daxili işlər və nəqliyyat nazirləri, həmçinin kəşfiyyat idarəsinin rəisi istefa veriblər.

 

Müxalifət isə baş nazir Nikola Qruevskinin istefa verməsini tələb edir. Onlar iddia edir ki, Kumanovoda 8-i polis olmaqla 22 nəfərin həyatını itirməsinə gətirib çıxaran silahlı insidenti hökumət özü təşkil edib. Müxalifət baş nazirin bu planını ictimaiyyətin diqqətini hökumətdə baş alıb gedən korrupsiya qalmaqallarından yayındırmaq niyyəti ilə əlaqələndirir. Hakimiyyət isə polisin ölkədə iğtişaşlar törətmək istəyən xarici qüvvələrin qarşısının alınması məqsədilə xüsusi əməliyyat keçirdiyini bildirir.

 

Müxalifət lideri, sosial-demokratların rəhbəri Zoryan Zayev parlamenti boykot edəcəklərini bildirib və tərəfdarlarını küçələrə səsləyib. Bazar günü paytaxt Skopyedə və digər şəhərlərdə böyük mitinqlərin keçiriləcəyi gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv