Etibar Mirzəyev: “Açılış günü Olimpiya Stadionu havadan, qurudan, sudan mühafizə olunacaq”
"Fövqəladə Hallar Nazirliyi idman obyektlərinin mühafizəsi ilə bağlı gücləndirilmiş iş rejiminə keçib". APA TV-nin xəbərinə görə, bu fikirləri fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı görülən işlərdən danışarkən bildirib.
Nazir müavini FHN qüvvələrinin mayın 9-da Bakı Olimpiya Stadionunda keçirilən sınaq mərhələsində uğurla iştirak etdiyini və qarşıya qoyulan məqsədə nail olduğunu deyib. O əlavə edib ki, yarışların açılış və bağlanış mərasimlərinin keçiriləcəyi stadion hərtərəfli mühafizə olunacaq: "Fövqəladə Hallar Nazirliyi idman obyektlərinin mühafizəsi ilə bağlı artıq gücləndirilmiş iş rejiminə keçib. Yarışların açılış və bağlanış mərasimlərinin keçiriləcəyi idman obyekti həm havadan, həm qurudan, həm də sudan - Böyükşor gölü istiqamətindən mühafizə olunacaq. Nazirliyin iki helikopteri də bu işə cəlb edilib və havadan nəzarəti həyata keçirəcək".
Etibar Mirzəyev qeyd edib ki, FHN digər nazirliklərlə birgə qarşılıqlı əlaqənin qurulmasında və təkmilləşdirilməsində iştirak edir: "Biz Bakı Metropoliteni ilə sıx əməkdaşlıq edirik. Metro insanların ən çox toplaşdığı nəqliyyat vasitəsi olduğundan, həmin obyektlərin mühafizəsi ciddi şəkildə təmin edilməlidir. Biz bu işlərin öhdəsindən uğurla gələcəyik".
Hazırda paytaxtda yerləşən hotellərdə FHN-in əməkdaşlarının fəaliyyət göstərdiyini deyən FHN rəsmisi onu da bildirib ki, görüləcək təhlükəsizlik tədbirləri yarışların keçiriləcəyi Mingəçevir şəhərində yerləşən su idmanı obyektlərində və hotellərdə də həyata keçiriləcək.