Anasını öldürən şəxs: "Atamın ruhuna söydü..."
Bakı Ağır Cinayətlər məhkəməsində anasını öldürən oğula hökm oxunub. Hökmə əsasən ötən il oktyabrın 22-də Rusiyadan Azərbaycana gəlib anasını öldürən Hümbət Nağızadə 9 il müddətinə azadlıqdan məhrum edilib.
APA TV-nin məlumatına görə, Hümbət Nağızadə Xırdalan şəhərində qısqanclıq zəminində anası, 1971-ci il təvəllüdlü Fatimə Qurbanovanı boğaraq öldürməkdə təqsirli bilinib.
Hadisədən əvvəl mərhumun kiçik oğlu Rövşən anasının başqa bir kişi ilə münasibət saxladığını bilib, bu barədə Rusiyada yaşayan böyük qardaşı Hümbət Nağızadəyə deyib. Hümbət Rusiyadan yaşadığı Şəmkir rayonuna gəlib. O, baş verən hadisədən əvvəl anası ilə danışıb. Ana və oğul ötən il oktyabrın 22-də Xırdalan şəhərində aldıqları evdə görüşüblər.
Məhkəmə ifadəsində təqsirləndirilən şəxs anasının gizlin görüşləri barədə məlumatlı olduğunu bildirib. "Anam mənə “sənlik deyil, həyat mənimdir” dedi. Dalınca rəhmətə gedən atamın ruhunu söydü. Birdən-birə özümdən çıxdım. Affekt halına düşdüm. Yapışdım boğazından, gözüm qaraldı. Həmin an özümdə deyildim. Özümə gələndə anam yerdə idi. Nəbzini yoxladım. Artıq ölmüşdü", - deyə o əlavə edib.