Lənkəranda uçan körpüyə alternativ salınan yol axşamadək istifadəyə veriləcək

Ötən gün saat 20.00 radələrində Ələt-Astara magistralının 185-ci kilometrliyində, yolun Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində Boladiçay üzərindəki körpünün uçması nəqliyyatın hərəkətində ciddi çətinliklərə səbəb olub.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, nəqliyyat vasitələri alternativ olaraq Lənkəran-Boradigah və Boladi-Zövlə şose yollarından istifadə etsələr də, ağır tonnajlı maşınların bu yollarda hərəkətinə məhdudiyyət qoyulub.

 

Uzunluğu 50, eni 7 metr olan Boladiçay körpüsünün 14 metr uzunluğunda uçması səbəbindən onun təmiri ən azı 1 ay vaxt aparacaq. Tranzit yüklərin daşınmasını təmin etmək məqsədilə dünən gecədən Boladiçay üzərində yeni alternativ yolun çəkilişinə başlanıb. Bu işə  “Azəryolservis”in və 42 saylı Lənkəran yol istismar sahəsinin xeyli sayda ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Artıq çayın üzərindəki yeni alternativ yolda işlər yekunlaşmaq üzrədir. Yolun axşam saatlarına kimi istifadəyə veriləcəyi bildirilir.


Qeyd edək ki, uçan körpü 50 il bundan əvvəl istifadəyə verilib.

Müəllif | Apa.Tv