Bakıda iki ailə arasında dava: ölən və yaralanan var
Bakıda iki ailə arasında dava qanlı sonluqla bitib.
APA TV-nin məlumatına görə, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri - Hacıbağır Bağırov, atası Ehtiram Bağırov və qonşusu Rüstəm Qurbanovla qonşuları Ənnağı və Zaur Baxışov qardaşları arasında münaqişə yaranıb. Mübahisə böyüyərək davaya çevrilib və Ənnağı Baxışovla qardaşı Zaur Baxışov bıçaqlanıb.
Ənnağı Baxışov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, Zaur Baxışov isə xəstəxanaya çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən hər üç şəxs saxlanılıb.
APA TV-nin Zığ qəsəbəsində olan əməkdaşları yerli sakinlərdən dəqiqləşdiriblər ki, aralarında dava düşən qonşuların əvvəldən münaqişəsi olub. Lakin qanlı sonluqla bitən son hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində istintaq aparılır.