Xətaidə iki "VAZ" toqquşdu: iki yaralı

Bakının Xətai rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı "VAZ-2107" və "VAZ-2121" ("Niva") markalı avtomobillər toqquşub.

 

Qəza Gəncə prospekti ilə Nəsrəddin Tusi küçəsinin kəsişdiyi yol ayrıcında baş verib. Müəyyən edilib ki, "VAZ-2107" markalı avtomobil yüksək sürətlə manevr edərək,  Nəsrəddin Tusi küçəsinə daxil olub. Bu zaman qəfildən onun yoluna "Niva" markalı digər nəqliyyat vasitəsi çıxıb və toqquşma baş verib. Qəza nəticəsində avtomobillərdə olan iki nəfər xəsarət alıb. Onların paytaxt xəstəxanalarından birinə yerləşdirildiyi bildirilir.

 

Yol qəzasının təfərrüatlarını Xətai RPİ-nin əməkdaşları araşdırır. İlkin ehtimala görə, qəza sürücülərin yol ayrıcında bir-birini düzgün başa düşməməsi və hərəkət üstünlüyünə əhəmiyyət verməməsi üzündən baş verib.

 

Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə hərəkət üstünlüyü Gəncə prospekti ilə hərəkət edən avtomobillərə aiddir.

Müəllif | Apa.Tv
Apa.tv