Avropa Oyunlarının məşəli Bərdədə

Birinci Avropa Oyunlarının məşəli Yevlaxdan Aran Qarabağın qədim şəhəri Bərdəyə gətirilib.

 

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, Bərdə şəhərinin girişindəki Dövlət Bayrağı meydanında Birinci Avropa Oyunlarının məşəlinin təntənəli qarşılanma mərasimi olub.

 

Bərdə şəhər 1 nömrəli incəsənət məktəbinin müəllimi Səxavət İsmayılov Birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib.

 

Məşəlçilər yol boyu məşəli bir-birinə ötürərək şəhərin Nüşabə küçəsi və Heydər Əliyev prospektindən keçməklə Bərdə türbəsinə, sonra isə mərkəzi meydana gəliblər. Rayonun fəal gənclərindən olan Fuad Ağayev səhnəyə qalxaraq, Birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. Oyunların sonuna qədər şəhərdə qalacaq çıraq rayon ictimaiyyətinə təqdim edilib.

 

Alov festivalında Birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

 

50 min nəfərə yaxın insanın izlədiyi festival tanınmış incəsənət ustalarının və rayon musiqiçilərinin konsert proqramı, o cümlədən idmançıların nümunəvi çıxışları və Alov şousu ilə davam edib.

 

Alov festivalı atəşfəşanlıqla başa çatıb.

 

Bu gün məşəl karvanı Goranboy və Naftalana yollanacaq. 

Müəllif | Apa.Tv
Apa.tv