Çempionlar Liqasının ikinci finalçısı "Yuventus" oldu

Çempionlar Liqasının yarımfinalında İspaniyanın "Real" və İtaliyanın "Yuventus" klubları arasında cavab oyunu heç-heçə başa çatıb.

 

APA TV-nin məlumatına görə, Madriddə keçirilən qarşılaşma 1:1 hesabı ilə bitib.

 

Birinci hissənin ortalarında "Yuventus"un futbolçusu Corco Kyellininin öz cərimə meydançasında rəqib oyunçu Xames Rodrigesə qarşı hərəkətini hakim qayda pozuntusu kimi qeydə alıb və İtaliya klubunun qapısına penalti təyin edib. Penalti zərbəsini Kriştianu Ronaldu dəqiq yerinə yetirib. Bu qoldan sonra Ronaldu Madrid klubunun heyətində vurduğu qolların sayını əfsanəvi Alfredo Di Stefanonun qollarının sayına - 307-yə çatdırıb. Portuqaliyalı futbolçu hesabına daha bir nailiyyət əlavə edib. O, dalbadal dördüncü mövsümdür Çempionlar Liqasında azı 10 qol vurur. Bundan əvvəl Çempionlar Liqasının tarixində bu göstəriciyə heç bir futbolçu nail ola bilməmişdi.

 

Qarşılaşmanın 67-ci dəqiqəsində "Yuventus"un ispaniyalı futbolçusu Alvaro Morata hesabı bərabərləşdirib. Xatırladaq ki, o, Turin klubundan əvvəl "Real"ın heyətində çıxış edib.

 

Bir həftə əvvəl Turində keçirilən qarşılaşma "Yuventus"un 2:1 hesablı qələbəsi ilə başa çatdığından, iki oyunun nəticəsinə görə İtaliya klubu Çempionlar Liqasının finalına çıxıb. "Yuventus"u finalda bir gün əvvəl "Bavariya"nı məğlub edən daha bir İspaniya klubu - "Barselona" gözləyir. "Yuventus" - "Barselona" qarşılaşması iyunun 6-da Berlinin "Olimpiaştadione" arenasında keçiriləcək.

 

"Barselona" indiyədək dörd dəfə Avropanın ən nüfuzlu klub turnirinin qalibi olub. "Yuventus" isə bu nailiyyətə iki dəfə imza atıb. 

Müəllif | Apa.Tv
Apa.tv