Əfqanıstanda hotelə hücum oldu, əcnəbilər girov götürüldü
Əfqanıstanın paytaxtı Kabildə əcnəbilərin qaldığı mehmanxanaya hücum olub, içəridəkilər girov götürülüb.
APA TV-nin məlumatına görə, hadisə "Park Pal" adlı mehmanxanada baş verib. Üzərlərindəki kiçik silahları gizlədərək, mehmanxanaya daxil olan şəxslər içəridəkiləri girov götürüblər.
Hadisə yerinə Əfqanıstan təhlükəsizlik qüvvələrinin bölmələri cəlb edilib. Polis əməkdaşları və əsgərlərlə mehmanxanadakı silahlılar arasında atışma baş verib. Keçirilən xüsusi əməliyyat zamanı 54 nəfər xilas olunub, silahlıların hamısı məhv edilib.
Əfqanıstan vətəndaşı Xalid Xəmaney də silahlıların əlindən xilas edilənlərdəndir. O bildirib ki, Kabildə keçirilən konsertlə əlaqədar mehmanxanada çoxlu sayda əcnəbi və əfqan olub: "Mənim ailəm də içəridə idi. Özümü riskə atdım və otaqları axtarmağa başladım. Təhlükəsizlik qüvvələrinin yardımı ilə ailə üzvlərimi də mehmanxanadan çıxara bildim".
Son məlumata görə, mehmanxanada girovların azad edilməsi əməliyyatı zamanı ümumilikdə 5 nəfər ölüb, daha 5 nəfər isə yaralanıb. Ölənlər arasında xarici ölkə vətəndaşları da var.
Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.