Səudiyyə Ərəbistanı: "Neft erası"nın ömrünü uzadacağıq
Səudiyyə Ərəbistanı neftin qiymətinə münasibətdə strategiyasını uğurlu hesab edir.
APA TV-nin "The Financial Times"a istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanın aprel ayında hasil etdiyi "qara qızıl"ın həcmi rekord səviyyəyə - sutkada 10,3 milyon barelə çatıb. Bu isə krallığa OPEK səviyyəsində öz siyasətini dəyişməməyə imkan verir.
"Buna zərrə qədər şübhə yoxdur, son aylar neftin qiymətinin ucuzlaşması sərmayədarları bahalı neft sektoruna, o cümlədən ABŞ şist neftinə, şelf neftinə kapital yatırmaqdan çəkindirir". Bu fikirlər adı açıqlanmayan yüksək çinli Ər-Riyad rəsmisinə məxsusdur. O bildirib ki, alternativ mənbələrin artmasına və OPEK tərkibində təmsil olunan və ya qurumda yer almayan ölkələr arasında rəqabətin artmasına baxmayaraq krallıq qlobal enerji ticarətində öz dominantlığını qoruyacaq.
Ər-Riyad rəsmisi bəyan edib ki, Səudiyyə Ərəbistanı "neft erası"nın ömrünü uzatmaq istəyir. "Biz istəyirik ki, neft hələ uzun illər əsas enerji mənbəyi kimi istifadə edilsin və ölkəmiz də bu enerjini əldə edən ən böyük dövlət kimi qalsın" - deyə o, əlavə edib.