“G-20: Türkiyənin sədrliyinin prioritetləri və Azərbaycanın yeni əməkdaşlıq imkanları” mövzusunda konfrans keçirilib

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “G-20: Türkiyənin sədrliyinin prioritetləri və Azərbaycanın yeni əməkdaşlıq imkanları” mövzusunda elmi-praktiki konfrans keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən universitetin rektoru Ədalət Muradov Türkiyə Cümhuriyyətinin “G-20”yə sədrlik etdiyini xatırladaraq deyib ki, “G-20”liyə daxil olan ölkələrin iqtisadiyyatı dünya iqtisadiyyatının 80%-ni, üzv ölkələrin əhalisi dünya əhalisinin 2/3-ini təşkil edir: “Azərbaycan “G-20” çərçivəsində tədbirlərdə iştirak etməklə bu ölkələrin təcrübəsini öyrənir. Eyni zamanda bu platformaya üzv ölkələr də Azərbaycanın əldə etdiyi nailiyyətlərdən yararlana bilər”.

 

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun isə qeyd edib ki, birgə həyata keçirilən layihələr sadəcə iki ölkə üçün deyil, bir çox dövlətlər üçün mühüm rola malikdir. Səfir “G-20” sammiti çərçivəsində həyata keçiriləcək iclaslarda irəli sürülən təkliflərin dünya iqtisadiyyatının inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

 

Maliyyə Nazirliyi Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin Direktoru Razim Vəliyev qeyd edib ki, dünya iqtisadiyyatının formalaşmasında “G-20”yə daxil olan ölkələr mühüm rol oynayır: “Ötən il Azərbaycana 27 mlrd. ABŞ dolları həcmində xarici investisiya yatırılıb. Bu da xarici investorların Azərbaycana marağını artırır. Bu baxımdan Azərbaycan “G-20”nin gündəliyində infrastruktur və investisiya müzakirələrində fəal iştirak edə bilər”.

 

Türkiyə Mərkəzi Bankının sədr müavini Mehmet Yörükoğlu inkişaf etməkdə olan ölkələrdə inflyasiya və məşğulluğa diqqət çəkərək bildirib ki, mərkəzi banklar qiymət risklərini azaltmaq üçün inflyasiyanın hədəflənməsinə xüsusi diqqət yetirməlidir.

 

Azərbaycan Mərkəzi Bankının Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov Qlobal İqtisadi proseslər və Azərbaycan iqtisadiyyatı mövzusunda təqdimat edib. O, qlobal iqtisadi artım tempinin aşağı düşdüyünü vurğulayıb: “Beynəlxalq Əmək Təşkilatının proqnozlarına görə, iqtisadi artım bu templə getsə, dünyada işsizlik hazırkı 201 mln. nəfərdən 212 mln.-a çatacaq”.

Müəllif | Apa.Tv
Apa.tv