"Global Times": ABŞ-ın hegemonluğu qürub edir
"Avropada, Yaxın Şərqdə və Asiya-Sakit okean regionunda baş verənlər ABŞ-ın beynəlxalq arenada hegemonluğunun qürubunun göstəricisidir". APA TV-nin məlumatına görə, bu məqalə ilə Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun professoru, politoloq Lyu Çjunmin "Global Times" nəşrində çıxış edib.
"Avropada Ukrayna böhranı ilə əlaqədar baş verənlər Rusiya ilə ABŞ və Avropanın münasibətlərinin "soyuq müharibə" dövrünə qayıtmasının siqnalıdır: "Yaxın Şərq regionunda yaradılan kiçik müharibələr dünyada gedən geosiyasi oyunların fonunda bölgədə fraqmentləşdirmə prosesini də sürətləndirib. Asiya-Sakit okean regionu üçün də bu "qaynar" geosiyasi məsələlər aktualdır. Koreya yarımadası problemi və Cənub Çin dənizindəki riflər və adalarla bağlı anlaşılmazlıqlar buna misaldır". Politoloq bildirib ki, NATO-nun "rəngli inqilablarla" müşayiət olunan manevrləri və daha çox Rusiya ilə yaxınlığı olan şərq ölkələrinə tərəf meyllənməsi eyni anda iki məsələnin həll edilməsi məqsədini daşıyır - Avropanın bölgəyə təsirini azaltmaqla, Rusiyanın fəaliyyətini ləngitmək və Avropanın təhlükəsizlik mexanizmini darmadağın etmək.
Vaşinqtonun Asiya-Sakit okean regionuna tərəf çevrilməsinə gəlincə, Çjunmin qeyd edib ki, bu, Koreya yarımadasında vəziyyəti çətinləşdirib, həmçinin Çin-Yaponiya əlaqələrinin pisləşməsinə səbəb olub. Politoloq onu da vurğulayıb ki, bütün bu baş verənlər nəticəsində Şərqi Asiya regionu hazırda dünyanın böyük aktorlarının strateji yarış məkanına çevrilib. "Bu geosiyasi yarış isə ABŞ-ın iradəsi ilə keçirilir" - deyə, o əlavə edib: "Vaşinqton beynəlxalq aləmdə yaşanan geosiyasi ziddiyyətləri kəskinləşdirir, ABŞ-ın bundan məqsədi dünyada hazırda sürətlə inkişaf edən məsələn, Çin kimi ölkələri özünün strateji maraqlarına mane olmaqdan uzaqlaşdırmaqdır".
Bundan əlavə, Amerikanın ortaya qoyduğu mövqenin dünyada təhlükəsizliyə qarşı böyük risk olan siyasi və hərbi münaqişələrin, "yeni soyuq müharibə"nin və ən təhlükəlisi "sivilizasiyaların qarşıdurması"na səbəb olacağı önə çəkilir, həmçinin bu yanaşmanın dini ekstremizmə, milli münaqişələrə, beynəlxalq terrorizmə yol açdığı deyilir və dünyada silahlanmanın sürətlənməsinə rəvac verdiyi bildirilir. "Dünyadakı hazırkı beynəlxalq əlaqələr sisteminin yaradıcısı olan ABŞ beynəlxalq aləmə nəzarət üçün potensialında fundamental böhran hiss edir. Ən pisi isə odur ki, Vaşinqton hegemonluğunun qürubunun səbəblərini öz-özlüyündə analiz etməkdənsə, illər əvvəl tətbiq etdiyi geosiyasi oyunlara qayıtmağı üstün görür. Bu isə hegemonluq etmək istəyən istənilən güc üçün faciə ilə nəticələnə bilər, qlobal şərtlərə görə isə bu bütün dünyanın faciəsi ola bilər" - deyə, politoloq bildirib.