Qorbaçovdan böyük etiraf: "SSRİ-nin dağılmasında ən birinci səhvim..."
30 il SSRİ-yə rəhbərlik etdiyim dövrdə buraxdığım ən birinci səhv alkoqola qarşı mübarizəyə başlamağım idi".
APA TV-nin məlumatına görə, bunu Sovet İttifaqının ilk və son prezidenti Mixail Qorbaçov "Komsomolskaya pravda" nəşrinə verdiyi müsahibəsində bildirib.
"Bunun nəticəsində başda Moskva olmaqla ölkənin bir çox şəhərlərində mağazalar bağlandı, açıq ticarət obyektlərinin qarşısında isə böyük növbələr yarandı. Qanunsuz spirtli içki istehsalı çoxaldı, dükanlarda isə şəkər demək olar ki, tapılmırdı" - deyə o etiraf edib.
Qorbaçov əlavə edib ki, alkoqolizmə qarşı mübarizə ondan əvvəl 6 il Mərkəzi Komitədə müzakirə mövzusu olub: "Bu kampaniyaya start verilməzdən əvvəl sovet xalqı arasında əməlli-başlı "keflilik" var idi. İnsanlar hələ Brejnevin dövründə mərkəzə məktublar yazırdılar ki, sərxoşluq baş alıb gedir, uşaqların valideynlərindən xəbərləri yoxdur, valideynlər hətta uşaqlarını da xatırlamırlar, boşanmalar da çoxalıb".
Qorbaçovun fikrincə, alkoqolizmə qarşı tədbirlərin görülməsi müsbət nəticələr də verib: "Bəli, büdcə bundan xeyli zərər gördü, amma insanlar arasında ölüm sayı azaldı, doğuş artdı. İstehsalatda bədbəxt hadisələrin sayı da minimuma endi". İttifaqın keçmiş rəhbərinin sözlərinə görə, bütün bunlarla yanaşı, vətəndaşlar bu kampaniyanın uzanmasından narazı idilər.
Qorbaçov sonda qeyd edib ki, cəmiyyəti bir anın içində ayıltmaq olmaz, bunun üçün illər lazımdır.