Əli Həsənov: “Partiya sədrləri bir qrup məhbusun əfvi məsələsini ölkə başçısına çatdırmağı xahiş etdilər”
“Bugünkü görüşün əsas mövzusu Avropa Oyunları olsa da, bəzi cari məsələlər də müzakirə olundu və təkliflər irəli sürüldü. Partiya sədrləri bir qrup məhbusun əfvi məsələsinin ölkə başçısına çatdırılmasını xahiş etdilər. Partiyaların qərargah məsələsi, bank kreditlərindən tutmuş siyasi plüralizmə qədər bir sıra mühüm məsələlər qaldırıldı".
APA TV-nin məlumatına görə, bunu iqtidar-müxalifət görüşündən sonra jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib.
Əli Həsənov qaldırılan məsələlərin bəzisinə dərhal münasibət bildirildiyini, digərlərinə də münasibət bildiriləcəyini bildirib: "Avropa Oyunları ilə bağlı məsələlərin müzakirəsində Azərbaycanın həqiqətlərinin, görülən işlərin dünya ictimaiyyətinə çatdırılması zəruri sayılır. Avropa Oyunları Azərbaycanda lazımi infrastruktur qurmağa və gələcəkdə Olimpiya Oyunlarını keçirmək təcrübəsi qazanmağa imkan verir. Avropa Oyunlarından istifadə edərək Azərbaycan reallıqlarını, xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini dünya ictimaiyyətinə çatdırmalıyıq. Hakimiyyət nümayəndəsi kimi görüşə görə partiyalara təşəkkür edirəm. Azərbaycan Prezidenti belə düşünür ki, hakimiyyət üçün onların fikirlərini dinləmək lazımdır. Azərbaycan xalqı birmənalı şəkildə prezidentin siyasətini dəstəkləyir. Ancaq siyasi partiyaların da bu siyasətə münasibət bildirmək imkanı olmalıdır".
Qeyd edək ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda fəaliyyət göstərən bir qrup müxalifyönlü partiya sədrlərinin iştirakı ilə növbəti iqtidar-müxalifət görüşü keçirilib. Görüşdə iqtidar tərəfdən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, sektor müdiri Elman Paşayev və bir sıra müxalifət partiyalarının liderləri iştirak edib.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə, bu görüşdə demək olar ki, əvvəlki görüşlərdə danışılan bir sıra məsələlərə yenidən nəzər salındı: "Bu görüşdə hakimiyyət tərəfindən həmçinin cari məsələlərin həllinə diqqət çəkildi. Bununla bağlı ətraflı fikir mübadiləsi aparıldı. Hesab edirəm ki, görüşün nəticələrini yaxında görməliyik. İnanıram ki, 28 May - Cümhuriyyət gününədək bəzi qaldırılan məsələlər həll oluna bilər".
Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib ki, əsas olaraq müxalifət partiyalarının qərargahla təminat məsələsini diqqətə çatdırıblar: "Müzakirələr normal keçdi. Əli Həsənov qaldırdığımız problemləri rəhbərliyin diqqətinə çatdıracağını dedi. Avropa Oyunları ilə bağlı ümumi fikir isə bu oldu ki, bu yalnız Azərbaycanın uğuruna hesablanmış bir tədbirdir. Azərbaycana dividentlər gətirəcək".
Vəhdət Partiyasının sədri Tahir Kərimli qeyd edib ki, ümumi mövzu Azərbaycanda keçiriləcək Avropa Oyunlarına hazırlıq idi: "Eyni zamanda cari məsələlər də müzakirə olundu. Birmənalı şəkildə həm iqtidar, həm də müxalifət tərəfdən vurğulandı ki, bu, beynəlxalq əhəmiyyətli bir tədbirdir".
Xatırladaq ki, öncəki görüşlər 2014-cü il dekabrın 13-də və 2015-ci il fevralın 12-də keçirilib.