Elman Mehdiyev Yevlaxda vətəndaşları qəbul edib
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bu gün Yevlax şəhərində vətəndaşları qəbul edib.
APA TV-nin xəbərinə görə, “Açıq qapı” formatında təşkil olunan qəbulda 3 şəhər və 5 rayondan olan sosial sığorta ödəyiciləri və pensiyaçıların müraciətlərinə baxılıb.
Fond sədrinin qəbuluna gələn Yevlax, Mingəçevir və Naftalan şəhərlərinin, Goranboy, Bərdə, Tərtər, Ağdam və Xocalı rayonlarının sakinləri olub. Fondun Yevlax şəhər şöbəsinin inzibati binasında keçirilən qəbulda əsasən, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, pensiya təyinatı, əmək pensiyası növünün dəyişdirilməsi kimi məsələlər qaldırılıb. O cümlədən başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi məsələlərə də toxunulub. Görüş zamanı həmçinin əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması və digər məsələlər barədə çoxsaylı təklif və şikayətlər dinlənilib.
Vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb. Fondun məsul əməkdaşlarının şəhər və rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 40-dək vətəndaşın müraciətinə baxılıb. “Açıq qapı” şəraitində davam etdirilən görüşdə Fondun sədri Elman Mehdiyev hər bir vətəndaşın müraciətini dinləyib. Vətəndaşların bəzi problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib. Qəbul zamanı Fondun səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi üçün qeydiyyata alınıb.