Milli Məclis "Reklam haqqında" qanun qəbul etdi

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Reklam haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

 

APA TV-nin məlumatına görə, layihə barədə məlumat verən deputat Vahid Əhmədov qeyd edib ki, əvvəlki oxunuşdan verilən təkliflər İşçi Qrupunda müzakirə edilərək dəyərləndirilib. Layihə səsə qoyularaq qəbul olunub.

 

Bundan başqa, Mülki Məcəlləyə yeni maddənin əlavə olunması səsə qoyulub. Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

 

Qanuna yeni 49-1-ci maddə əlavə olunur. Maddəyə görə, hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir.

 

İclasda “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Qanunun 10.3-cü maddəsinə edilən dəyişikliyə əsasən, Mərkəzi Bankın kapital ehtiyatları artıq tədavülə buraxılmış nağd milli valyutanın 15%-i miqdarında müəyyən edilməyəcək. Əvəzində onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq. Bundan başqa, qanuna bu 13.2-ci maddə əlavə edilir. Eyni zamanda 14.2-ci maddəyə edilən dəyişikliyə əsasən isə, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək.

 

Qanun layihələri  səsə qoyularaq qəbul olunub.

Müəllif | Apa.Tv
Apa.tv