Bakıda maşın Penitensiar Xidmətin nəzarət-buraxılış məntəqəsinə çırpıldı

Bakıda minik maşını Ədliyyə Nazirliyi Penitensiar Xidmətin girişindəki nəzarət-buraxılış məntəqəsinə çırpılıb. APA TV-nin məlumatına görə, hadisə Nizami və Keykab xanım Səfərəliyeva küçələrinin kəsişməsində qeydə alınıb.

 

"Chevrolet" markalı avtomobil Nizami küçəsi ilə yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə Keykab xanım Səfərəliyeva küçəsinə dönə bilməyən sürücü maşını Penitensiar Xidmətin girişinə çırpıb.

 

Hadisə nəticəsində xəsarət alan olmasa da, həm avtomobilə, həm də Penitensiar Xidmətin girişindəki nəzarət-buraxılış məntəqəsinə ziyan dəyib.

 

Sürücü baş vermiş hadisəni onunla əsaslandırıb ki, Nizami küçəsi ilə hərəkətdə olarkən avtomobilin əyləc sistemində nasazlıq yaranıb. Bu səbəbdən sürəti azalda bilməyib və maşını nəzarət-buraxılış məntəqəsinə çırpıb.

 

Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. Qəzaya uğrayan avtomobil təxliyə edilib və cərimə meydançasına qoyulub. İlkin ehtimala görə, hadisəyə yüksək sürət və avtomobildəki texniki nasazlıq səbəb olub. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

 

 

 

 

Müəllif | Apa.Tv