“Traktor Sazi” çempionluğu son 10 dəqiqədə əldən verdi - 3:3

Təbrizin "Səhənd" stadionunda bu şəhərin məşhur “Traktorsazi” futbol komandası ilə Tehranın “Naft” klubu arasında keçirilən qarşılaşma heç-heçə ilə nəticələnib. Bu nəticə və paralel keçirilən oyundakı hesab Təbriz klubunun çempion olmasına imkan verməyib.

 

Son həftələrdə turnir cədvəlinin 1-ci pilləsində olan “Traktorsazi”nin liderliyinə İran çempionatının sonuncu - 30-cu turunda son qoyulub. Təbrizdə keçirilən qarşılaşmada komandalar hərəyə üç qol vurublar.

 

“Traktorsazi”nin heyətində 37-cu dəqiqədə Lusanyo Edinyo, 45-ci dəqiqədə Andranik Teymurian və 61-ci dəqiqədə Fərid Behzad Kərimi fərqlənib.

 

“Naft Tehran” ın qollarını isə 6-cı dəqiqədə Əlirza İzzəti, 76-cı dəqiqədə Əli Qurbani, bundan 4 dəqiqə sonra isə Padvani vurub.

 

Oyunu izləyən 100 min nəfərə yaxın azarkeş "Traktorsazi"nin çempion olacağını gözləsə də, İsfahandan gələn xəbər təbrizliləri məyus edib. Belə ki, İsfahanın “Fulade Mubarekeye Sepahan” komandası Kərəcin "Saypa" klubunu 2:0 hesabı ilə  məğlub edib və İran çempionu adını qazanıb. Ondan cəmi 1 xal geri qalan "Traktorsazi" bu mövsümün ikincisi, "Naft Tehran" isə üçüncüsü olub.

 

Qeyd edək ki, "Traktorsazi"nin ikinci qolunun müəllifi Andranik Teymurian qarşılaşmanın 65-ci dəqiqəsində qırmızı kartla meydandan qovulub. Həmin ana qədər 1:3 hesabı ilə geridə olan "Naft Tehran" azlıqda qalan Təbriz klubunun qapısından iki top keçirməyə nail olub. Təbriz klubu və azarkeşlər hesab edirlər ki, hakim qırmızı karta heç bir əsas olmadan əl atıb və bununla da "Traktorsazi"nin bərabər rəqabət imkanını əlindən almış olub.

 

 

 

Müəllif | Apa.Tv