Mətbuat prospektində qəza: iki nəfər yaralandı
Bakının Yasamal rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Mətbuat prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində “VAZ-2172” və “VAZ-21011” markalı avtomobillər toqquşub.
Eyvazov Davud Camulla oğlunun idarə etdiyi “VAZ-2172” markalı avtomobil Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə keçmiş Musabəyov parkı istiqamətində hərəkət edirmiş. Məmmədli Sənani Fəxrəddin oğlunun idarə etdiyi “VAZ-21011” markalı minik maşını onunla əks istiqamətdə hərəkət edib və yol ayrıcında qəfildən sola dönüb. Digər sürücü Davud Eyvazov isə qarşısında dönmə əməliyyatı edən avtomobilə yol verməyib və avtomobillər toqquşub.
Hadisə nəticəsində “VAZ-21011”in sürücüsü Sənani Məmmədli və avtomobildəki bir sərnişin xəsarət alıb. Ərazidə müayinələr aparan YPX müfəttişlərinin qənaətinə görə, “VAZ-21011”in sürücüsü hərəkət üstünlüyünə malik olan digər nəqliyyat vasitəsinə yol verməməklə qəzaya şərait yaradıb.