Təbiət gözəli İran lanı: Dəşte-naz qoruğundan XÜSUSİ REPORTAJ
İranın ən qapalı qoruğundayıq. Daşte-naz İran lanı (marallar fəsiləsindən cins) artırma qoruğunda.
Mazandaran vilayətinə yaz Azərbaycana nisbətən tez gəlib. Hər tərəf yaşıllıqdır. Buralar Lənkəran-Astara bölgəsinə çox bənzəyir. Vilayətdə olduğumuz müddətdə hər gün yağış yağır. Qoruğa gələndə də yağış yağırdı. Buna görə qoruğun ərazisini traktorun arxasına qoşulmuş qoşquda gəzdik.
"Bura heç kəsi buraxmırlar, siz xüsusi qonaqlarsınız deyə içəri keçdiniz". Bu sözləri vilayətdə səfərdə olduğumuz müddətdə bizə bələdçilik edən şəxs deyir.
Daşte-naz qoruğunda adı “Qırmızı kitab”a düşmüş İran lanı qorunur, nəsli artırılaraq başqa qoruqlara aparılır.
Parkın rəhbəri Behnam Hadinejadın sözlərinə görə, 1956-cı ildə BMT-nin Ətraf Mühit Proqramının əməkdaşları bu heyvan növünün tamamilə məhv olduğunu öyrənib, nəticədə lanın adı nəsli tamamilə tükənmiş heyvan kimi “Qırmızı kitab”a daxil edilib. Əslində isə...
1959-cu ildə BMT əməkdaşları və alman mütəxəssisləri xoş təsadüf nəticəsində İranın Xuzestan əyalətinin Kərxə bölgəsindən 6 ədəd lan tapır. Onlardan dördü bu əraziyə gətirilir, iki lan isə nəsil artırma məqsədi ilə Almaniyaya aparılır. Lanların daha yaxşı qorunması məqsədilə 1963-cü ildə Mazandaranda Dəşte-naz Milli Parkı yaradılır.
Bu növ lanlar vəhşi təbiətdə deyil, qoruqlarda saxlanır. Çünki lanların nəzarətsiz yaşaması onların nəslini tamamilə tükədə bilər.
O dövrdən indiyədək İranda qalan 4 lanın sayı artırılaraq 450-yə çatdırılıb. İranın digər bölgələrində yerləşən Milli Parklara da lanlar bu mərkəzdən aparılır. Hazırda Dəşte-naz Milli Parkında 40-a yaxın İran lanı qorunur.
İran lanı əsasən Mazandaran əyalətinin Daşte-naz qoruğunda, Urmiya gölünün Kəbudan və Əşq adalarında, Fars əyalətinin Pərişan qoruğunda yaşayır. Bundan başqa İranın və dünyanın bir çox bioloji araşdırma mərkəzlərində bu heyvan növünə rast gəlmək mümkündür.
Erkək lanlar həcminə və buynuzlarına görə, dişi lanlardan seçilir. Erkək lanların enli və uzun buynuzları olur. Dişilərin buynuzu isə nisbətən kiçikdir. Lanlar ildə bir dəfə, əsasən qış fəslində buynuzunu tökür və yenisi ilə əvəzləyir. İran lanı Avropa lanı ilə eyni cinsdən olsa da, bir az böyüklüyü ilə fərqlənir.
Biz bağda olarkən nadir hadisənin şahidi olduq. İki boğaz lanın balası dünyaya gəlmişdi. Bu prosesi lentə almaq istəsək də, qoruq rəhbərliyi razı olmadı. Elə hadisələr var ki, ona "xüsusi qonaqlar" da mane olmamalıdır. Lap elə Azərbaycandan gəlsələr də…