Kardioloq Murat Tuzçu: “Heydər Əliyevin ürəyi Azərbaycanla döyünürdü”
Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 4-cü Beynəlxalq Konqresin açılış mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə konqres iştirakçılarına Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub.
Daha sonra Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, kardiocərrah Kamran Musayev çıxışında bildirib ki, konqresdə dünyanın 24 ölkəsindən, ABŞ-dan Cənubi Koreyaya qədər 70-ə yaxın mütəxəssis iştirak edir.
Eyni zamanda, konqresdə azərbaycanlı ürək damar cərrahlarına dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardiologiya elmindəki son nailiyyətləri müzakirə etmək imkanı verilib.
Dünyada olduğu kimi, Azərbaycanda da ürək-damar xəstəliklərinin yaşının cavanlaşdığını deyən Kamran Musayev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı son statistik rəqəmlərə görə ürək-damar xəstəlikləri dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəliklər arasında birincidir. Kamran Musayev onu da bildirib ki, ötən il Mərkəzi Klinik Xəstəxanada 1000-ə yaxın ürək-damar əməliyyatı icra olunub.
“Ümumilikdə götürsək, Mərkəzi Klinik Xəstəxanada 14 illik fəaliyyətimiz ərzində 11 mindən çox ürək-damar əməliyyatı həyata keçirmişik. Hazırda Bakıda və digər şəhərlərimizdə artıq ürək-damar xəstəliklərinin diaqnozu və müalicəsi ilə məşğul olan çox gözəl mərkəzlərimiz və bu mərkəzlərdə çalışan azərbaycanlı kadrlarımız var”.
Konqresdə ABŞ-ın Klivlend klinikası direktorunun müavini, kardioloq Murat Tuzcu da iştirak edib. O gənclər arasında ürək-damar xəstəliklərinin qarşısının alına biləcəyini bildirib:
“Ürək-damar xəstəliklərinə yol açan səbəbləri ortadan qaldırsaq, xəstəliyi ən azından ciddi dərəcədə gecikdirmiş olarıq. Əsasən siqaret və digər tütün məmulatlarından istifadə, qan təzyiqinin yüksək olması, şəkər xəstəliyi və yemək-içmək vərdişlərimiz ürək-damar xəstəliyinin sas səbəbləri arasındadır. Əgər siqaret çəkilməsə və qidalanmaya düzgün riayət olunsa, o zaman xəstəlikdən yaxa qurtarmaq mümkün olacaq”.
Dünya şöhrətli kardioloq Azərbaycan xalqının yaddaşında daha çox ümummilli lider Heydər Əliyevin həkimi kimi qalıb. Murat Turcu Heydər Əliyev haqqında xatirələrini də bölüşüb.
"Heydər Əliyev çox müstəsna bir insan idi. Onun qəlbi hər zaman Azərbaycan, Azərbaycan deyə vurardı. Mənimlə hər dəfə ölkənizin tarixindən, coğrafiyasından və insanlarından danışardı. O, çox qüvvətli bir insan idi. Ən çətin günlərdə belə qüvvəsini və iradəsini itirmədi. Hətta onun qüvvəsi bizə də keçirdi. Həqiqətən mən onun üçün çox darıxıram. Məni hər zaman yaxın dost bilərdi. Öndərinizlə nə qədər qürur duysanız, azdır".
Konqres işini sabah da davam etdirəcək.