Əli Həsənov: ABŞ-ın və Avropanın müxtəlif dairələri Azərbaycandakı sabitliyi pozmaq niyyətindədir”

Əli Həsənov Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi

 

 

“Son dövrlər ABŞ-ın və Avropanın müxtəlif dairələri, xüsusilə də onların təsiri altında olan beynəlxalq təşkilatlar və şəxslər ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq, Azərbaycandakı sabitliyi pozmaq niyyətindədirlər. Gənclərimiz belə məsələlərdə ayıq olmalı, vətəndaşlıq mövqeyi nümayiş etdirməli, istənilən məsələdə çevik reaksiya verməlidirlər”.

 

APA TV-nin məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin bu gün keçirilən IV konfransında deyib.

 

Əli Həsənov bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa etmiş və yeni ictimai-siyasi sistemin təşəkkülü prosesini yaşayan Azərbaycan dövlətçiliyi 24 illik müstəqil inkişaf tarixində ən müxtəlif çətinliklərlə üzləşərək mürəkkəb yol keçib. Bu illər ərzində azadlıq ideyalarına sadiq olan Azərbaycan xalqı və dövləti ölkədə mürəkkəb və sərt maneələri dəf edərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində qətiyyətli addımlarını atmışdır. Bu müsbət dəyişikliklər cəmiyyətin müxtəlif sahələrində olduğu kimi, gənclərlə iş sahəsində də öz bəhrəsini verib: 

 

"Azərbaycan gəncliyi yüksək biliklərə yiyələnməklə, müasir dünyagörüşünə sahib olmaqla, eyni zamanda, azərbaycançılıq ideyalarına yiyələnməklə ölkəmizin layiqli vətəndaşları kimi formalaşırlar. Hər bir xalqın gələcəyi gənclərlə bağlıdır. Bu mənada biz də Azərbaycanın gələcəyini ulu öndər Heydər Əliyevin tövsiyələrinə istinad edərək bugünkü ölkə gəncləri ilə bağlayırıq. Son illərdə gənclərlə bağlı dövlət proqramlarının qəbul edilməsi, İnkişaf Strategiyasının təsdiq olunması, Gənclər Fondunun yaradılması və digər tədbirlər onu göstərir ki, ölkə rəhbəri gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaratmışdır. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər".

 

Əli Həsənov bildirib ki, bu gün ölkə başçısı İlham Əliyevin də gənclərlə bağlı siyasətinin mərkəzində dayanan əsas ideya gəncləri layiqli vətəndaş, vətənpərvər insanlar kimi yetişdirməkdir.

 

Prezidentin köməkçisi YAP Gənclər Birliyinin sıraları durmadan genişləndiyini, xeyli sayda gəncin öz gələcək talelərini partiya fəaliyyətinə bağladıqlarını açıqlayıb:

 

“Təbii ki, bunun əsas səbəbi Partiyanın qurucusunun ulu öndər Heydər Əliyev olması, onun ideyalarına söykənməsi və Partiyanın sədri cənab İlham Əliyevin hazırda apardığı məqsədyönlü siyasətdir. Buna görə gənclər YAP-a arxalanır və ona böyük ümidlər bəsləyirlər”.

 

Əli Həsənov bildirib ki, ölkəmizin inkişafında Azərbaycan gəncliyi yaxından iştirak etməli, onların qarşısında duran ən müqəddəs vəzifə dövlətimizin qorunması olmalıdır. Gənclər  Azərbaycanın qüdrətinin artmasına öz töhfələrini verməlidirlər. Bu gün YAP-da təmsil olunan gənclərlə yanaşı, digər gənclərimiz də dövlətçiliyimizin qorunmasında səylərini əsirgəməməlidirlər”.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı