YAP Gənclər Birliyinin IV konfransı keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin IV konfransı keçirilib. APA TV-nin məlumatına görə, konfransda qonaq qismində dövlət və hökumət rəsmiləri, millət vəkilləri iştirak ediblər.
Konfransda çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orcuov konfransın I Avropa Oyunları ərəfəsinə təsadüf etdiyini, Azərbaycanın Avropa Oyunlarını yüksək səviyyədə keçiriləcəyini deyib. Azərbaycanda gənclər siyasətinin prioritet olduğunu qeyd edən S. Orucov ictimaiyyətin bütün təbəqələrini birləşdirən YAP-da gənclərin üstünlük təşkil etdiyini bildirib.
YAP Gənclər Birliyi sədrinin müavini Samirə Quliyeva Azərbaycanın inkişafında maraqlı olmayan xarici qüvvələr olduğunu vurğulayıb: “Həmin qüvvələrə bildirmək istəyirik ki, biz haqq yolundan dönməyəcəyik”.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, baş nazirin müavini Əli Əhmədov təbriklərini çatdırıblar.
Daha sonra YAP Gənclər Birliyinin Şura üzvləri seçilib, 15 nəfərlik İdarə Heyəti formalaşdırılıb. Seymur Orucov yenidən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri seçilib.