Qatar qəzasında ölənlərin ailələrinə 200 milyon dollar təzminat!

ABŞ-ın Filadelfiya ştatında baş vermiş qatar qəzası nəticəsində ölənlərin ailələrinə, eləcə də xəsarət alanlara 200 milyon dollardan çox kompensasiya veriləcək.

 

APA TV-nin "Associated Press"ə istinadən xəbərinə görə, ABŞ Konqresinin 1997-ci ildə qəbul etdiyi qanuna əsasən 200 milyon dollar kompensasiyalar üçün maksimal məbləğdir.

 

Relslərdən çıxan qatarın məxsus olduğu "Amtrak" şirkəti isə sürət rejimi qaydalarının sərtləşdirildiyini bəyan edib. Bunun üçün Filadelfiyada şimal istiqamətində hərəkət edən bütün qatarlarda sürətin məhdudlaşdırılması sistemi quraşdırılacaq. Şirkətdən bildirilib ki, maşinistin seçdiyi sürət maksimal həddi keçdikdə, yeni sistem əyləci avtomatik işə salacaq.

 

Qeyd edək ki, Filadelfiyada baş vermiş qəzadan bir neçə saniyə əvvəl maşinist  əyləci işə salıb. Həmin vaxt qatar 170 km/saat sürətlə hərəkətdə imiş. Həmin ərazidə icazə verilən maksimal sürət isə 50 km/saatdır.

 

Mayın 13-də baş vermiş hadisə nəticəsində 8 nəfər ölüb, 200-dən çox adam yaralanıb. Vaşinqtondan Nyu-Yorka gedən qatarda 243 nəfər olub.

Müəllif | Apa.Tv
Apa.tv