Mosula hücum hazırlanır: ABŞ sünni və kürdlərə silah söz verdi
ABŞ administrasiyası İraq sünniləri və kürd dəstələrini silahlandırmaq təminatı verib.
APA TV-nin məlumatına görə, bunu Mosulun valisi Əsil Nuceyfi Ərbildəki müvəqqəti iqamətgahında keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ABŞ-a səfəri zamanı amerikalı rəsmilərlə "İraq Şam İslam Dövləti" terror təşkilatına qarşı mübarizə ilə bağlı müzakirələr aparıb.
Mosul valisi görüşdüyü rəsmilərə İŞİD-lə mübarizə üçün silaha ehtiyaclarının olduğunu bildirib: "ABŞ administrasiyası bizə təminat verdi. Bizə "siz İraqa qayıdın və hazırlıqlarınızı görün, ehtiyac duyduğunuz silahları göndərəcəyik" dedilər. Amma silah yardımı İraq hökuməti ilə anlaşma əsasında ediləcək".
Ənbar vilayətinin inzibati mərkəzi Rəmadidə şiddətlənən döyüşlərdən danışan Nuceyfi deyib ki, İŞİD savaşı Ənbar vilayətinə keçirib və üstünlük əldə edib. Çünki Mosul əməliyyatı üçün hazırlanan qüvvələr Bağdad və Ənbar sərhədinə dislokasiya edilib.
Vali Mosulun azad edilməsi əməliyyatının gecikdirilməsinin yanlış olduğunu bildirib, şəhərin İŞİD-dən alınması üçün bütün tərəflərin tələsməli olduğunu bəyan edib.
Bununla belə, Əsil Nuceyfi şiələrdən ibarət "Həşdi Şabi" qruplaşmasının Mosul əməliyyatına qoşulmasını istəmədiyini deyib: "İŞİD Mosul əməliyyatında "Həşdi Şabi"nin olacağını və onların məzhəb savaşı üçün şəhərə girmək istədiyi təbliğatını aparır. Belə bir şey olmayacaq. İŞİD yerli əhalini şiə milislərlə qorxudaraq, özünə tabe etdirmək istəyir".
Mosul valisi Türkiyənin sünni döyüşçülərə təlim keçdiyini bildirib və əməliyyat zamanı Türkiyədən silah yardımının gələcəyinə inandığını ifadə edib.