Bakıda “Sülh ağacı” abidəsinin açılış mərasimi olub

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda “Sülh ağacı” abidəsinin açılış mərasimi olub.

 

APA TV-nin xəbərinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, UNESCO-nun baş direktoru xanım İrina Bokova və III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gələn bir sıra qonaqlar mərasimdə iştirak ediblər.

 

Birinci xanım Mehriban Əliyeva, UNESCO-nun baş direktoru İrina Bokova, BMT-nin baş katibinin ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser və abidənin müəllifi, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” xanım Hedva Ser “Sülh ağacı”nın üzərindəki örtüyü götürüblər.

 

Bürüncdən hazırlanan “Sülh ağacı” abidəsi Dövlət Bayrağı Meydanının yaxınlığında, Yeni Bulvarın ərazisində yerləşir. “Sülh ağacı”, UNESCO-nun tolerantlıq, sülh rəmzi hesab olunur. Bu abidə ictimai yerlərdə insanları sülh haqqında düşünməyə çağırır, tolerantlıq və sülhü gündəlik dialoqun bir hissəsinə çevirir. “Sülh ağacı” xalqlar arasında anlaşma rəmzi kimi qəbul olunur, münaqişələri həll etməyi, dünyada sülhü yaymağı təbliğ edir.

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə çıxış edib. O qeyd edib ki, sivilizasiyalar və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin nümayəndələrinin həmişə sülh, əmin-amanlıq, tolerantlıq şəraitində birgə yaşadığı məkanı olub: "Bu münasibətlər qarşılıqlı hörmət və anlaşmaya əsaslanır. Əsrlər boyu burada çoxmillətli cəmiyyət formalaşıb və bu gün biz tolerantlığın belə bir dəyərli ənənəsinə malik olmağımızdan qürur hissi duyuruq".

 

Mərasimdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından mərasim iştirakçılarının şərəfinə ziyafət verilib.

Müəllif | Apa.Tv
Apa.tv