İraq sünniləri İŞİD-lə mübarizədə şiələrdən kömək istədi
"İraq Şam İslam Dövləti" terror təşkilatı İraqın Rəmadi şəhərini ələ keçirib.
APA TV-nin məlumatına görə, bunu Ənbar vilayətinin qubernatoru Məhəmməd Haymur bəyan edib. O, bildirib ki, şəhər süqut edib və İŞİD silahlılarının tam nəzarətinə keçib.
Rəmadini ələ keçirən İŞİD terrorçuları şəhərdəki benzin stansiyası və bir neçə hökumət binasına od vurublar.
Qeyd edək ki, son günlər Rəmadidə döyüşlər şiddətlənmişdi. Təkcə son iki gün ərzində şəhər uğrunda döyüşlərdə təxminən 500 nəfər ölüb.
Ötən həftənin cümə günü İŞİD üzvləri hökumət kompleksini ələ keçirsələr də, şənbə günü oranı tərk etməli olmuşdular. Lakin dünən İŞİD qanlı döyüşlərdən sonra ordu qərargahlarından birini nəzarətə götürüb və şəhər istiqamətində irəliləməkdə davam edib.
Dünən İŞİD Rəmadidə partlayıcı quraşdırılmış üç avtomobillə terror aktı da törədib. Hadisə nəticəsində azı 40 nəfər ölüb.
Bu arada isə İraqın baş naziri Heydər əl-İbadi şiə qruplaşmaları Rəmadinin də daxil olduğu Ənbar vilayətinə hücum etməyə çağırıb. İraq dövlət televiziyasının məlumatına görə, baş nazir yerli hökumət, əşirət liderləri və din adamlarının tələbindən sonra bu addımı atıb. Sünni əşirətlər şiələrin yardımına ehtiyac olduğunu bildiriblər. Heydər əl-İbadi onu da bəyan edib ki, İŞİD-lə mübarizədə qələbəyə çox yaxındırlar.