“Müsəlman qardaşları”: “ABŞ və Avropa Mursiyə çıxarılan hökmdən niyə narahat deyil?”

"Misir məhkəməsinin ölkənin keçmiş prezidenti Məhəmməd Mursi və onun 106 tərəfdarı barəsində edam hökmü çıxarması ABŞ-ı qayğılandırmalıdır".

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, "Müsəlman qardaşları" təşkilatının nümayəndəsi çıxarılan qərara münasibət bildirərkən belə deyib.

 

"Beynəlxalq aləm baş verənlərdən ciddi narahat olmalıdır. Bu hökm təkcə ABŞ-ı yox, Avropa İttifaqını da narahat etməlidir" - deyə o, əlavə edib. Fəaliyyəti qadağan olunmuş dini-siyasi təşkilatın nümayəndəsi bildirib ki, əgər adı çəkilən ölkə və qurum buna qarşı çıxmasalar, bu, onların Misir inqilabının yox, ölkədə qanuni hakimiyyəti devirmiş antidemokratik qüvvələrin tərəfində olduğunu göstərəcək: "Əgər çıxarılan hökm icra olunarsa bu, Misirdə demokratiyanın sonu demək olacaq".

 

Qeyd edək ki, artıq altı nəfər edam edilib. Onların barəsində çıxarılan ölüm hökmü Sinay yarımadasında icra edilib. Edam edilənlər əsgərlərə və polislərə silahlı hücum etməkdə günahlandırılıblar.

 

Bu arada ABŞ Dövlət Departamentindən bildirilib ki, onlar baş verənlərdən narahatlıq keçirirlər. Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer isə bəyan edib ki, ölkəsi ölüm hökmünə qarşıdır və bu münasibət heç vaxt dəyişməyəcək: "Bu, həm də mənim insani yanaşmamdır. Bir neçə gün öncə Qahirəyə səfərim zamanı mən ümid etdiyimi bildirmişdim ki, Misir məhkəməsi veriləcək qərarında ehtiyatlı olmalı və humanizm prinsipi nümayiş etdirməlidir".

 

Xatırladaq ki, ittiham olunanların məhkəmə prosesi il yarımdan artıq çəkib.

Müəllif | Apa.Tv
Apa.tv