Makedoniya müxalifəti aksiyaları dayandırmayacağını bəyan etdi

Makedoniyada gərginlik səngimir. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, müxalifət lideri Zoran Zayev paytaxt Skopyenin mərkəzinə toplaşan kütləni dağılmamağa və aksiyaları genişləndirməyə çağırıb.

 

Sosial-demokratların liderinin çağırışı Skopyedə 20 min insanın küçələrə çıxmasına səbəb olub. Onlar baş naziri "Əlvida, Nikola!" şüarları ilə istefaya səsləyiblər. İndiki hökumət kabineti başda Nikola Qruevski olmaqla korrupsiya faktlarında ittiham edilir. Buna qədər isə ölkənin daxili işlər və nəqliyyat nazirləri, həmçinin əks-kəşfiyyat idarəsinin rəisi istefaya gediblər. Baş nazir onların yerlərinin boş qalmayacağını və özünün də postunu tərk etmək barədə düşünmədiyini deyib.

 

Bu bəyanatlar isə etiraz edənləri daha da qəzəbləndirib. "Biz Makedoniyanı dəyişməliyik. Biz doğru yolla getmək istəyirik" - deyə aksiya iştirakçılarından biri bildirib.

 

Aksiyalarda qadınlar da iştirak edir: "Mən evimdən baş naziri istefaya dəvət etmək üçün çıxmışam. Biz hökumətin qanunsuz əməllərini ifşa etmək istəyirik".

 

Skopyeyə ölkənin başqa şəhərlərindən əlavə polis qüvvələri və texnika yeridilib.

 

Xatırladaq ki, Nikola Qruevski doqquz ildir ölkənin baş naziridir və onun hökumətə rəhbərliyi dövründə Makedoniyada işsizlik 28 faizə çatıb. Əhalinin 1/4 hissəsi daha yaxşı dolanışıq üçün başqa ölkələrə üz tutub. Makedoniya Avropanın kasıb ölkələri sırasındadır. Rusiya adı çəkilən Balkan ölkəsində baş verənlərə reaksiya verib. Rəsmi Moskva hadisələri növbəti "rəngli inqilab" adlandırıb.

Müəllif | Apa.Tv
Apa.tv