Yəməndə atəşkəs başa çatdı: "ərəb koalisiyası" bombardmanları bərpa etdi

Yəməndə beş günlük "humanitar atəşkəs"in müddəti başa çatıb.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumat görə, "ərəb koalisiyası" yenidən ölkədə üsyan etmiş şiə-husilərin mövqelərini bombalamağa başlayıb.

 

Ər-Riyad aviazərbələrə yenidən start verilməsini atəşkəs zamanı qeydə alınan pozuntuların sayının çox olması ilə əlaqələndirib. Qarşı tərəf isə bu ittihamların həqiqətə uyğun olmadığını iddia edir.

 

Hazırda Səudiyyə Ərəbistanının paytaxtına sığınan Yəmənin devrilmiş prezidenti Əbd-Rabbu Mansur Hadi husi üsyançılarına qarşı çıxış edib. "Onlar bu müddət ərzində döyüşçülərinə təlim keçiblər, tunellər qazıblar və dövlət əmlakını talan ediblər. Biz ölkənin sərvətindən xalq üçün istifadə etmək istəyirik, üsyançlar isə bizim bu planlarımızı məhv etmək və yəmənlilərin xoşbəxt gələcəyinə mane olmaq yolunu tutublar" - deyə o, əlavə edib.

 

"Humanitar atəşkəs" müddətində Ədən limanına çatdırılan yardımın siyahısı açıqlanıb. Yəmənə 2500 ton ərzaq və digər zəruri malların gətirildiyi bildirilir. Yardım husiləri dəstəkləyən İrandan çatdırılır. Bu arada Səna sakinləri benzin və digər yanacaq məmulatlarından ötrü kilometrlərlə növbə yaradıblar. Beş günlük "atəşkəs" zamanı paytaxtdakı bəzi yanacaqdoldurma məntəqələri cəmi bir neçə saat sakinlərin istifadəsində olub.

Müəllif | Apa.Tv
Apa.tv