İran: OPEK gündəlik neft hasilatını aşağı salmayacaq
"OPEK çətin ki, iyun toplantısında "qara qızıl"ın hasilatını aşağı salmaq barədə qərar çıxarsın". APA TV-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, bu proqnozu İranın neft nazirinin müavini Rohnəddin Cavadi verib.
İran və Venesuela OPEK-ə üzv ölkələri neftin ucuzlaşmasının qarşısını almaq üçün bir neçə dəfə hasilatın həcmini azaltmağa dəvət edib. Ötən ilin noyabrında təşkilat neftin hasilatı ilə əlaqədar kvotanı sutka ərzində 30 milyon barel həcmində müəyyənləşdirib. Bu isə qiymətlərin düşməsinə gətirib çıxarıb. Cavadinin sözlərinə görə, ölkəsinin hasil etdiyi "qara qızıl"ın ixracı bir müddətdir tətbiq edilən sanksiyalardan sonra əvvəlki səviyyəsinə qayıdacaq.
Hazırda OPEK-in açıqlamalarına görə, İranda sutka ərzində 1,9 milyon barel neft hasil edilir. Bu, BƏƏ, İraq, Nigeriya, Kanada və Küveytdən sonra ən yüksək hasilat göstəricisidir.