Dünyanın 10 ən güclü ordusunun siyahısı açıqlandı
ABŞ hərbi ekspertləri on ən güclü orduya sahib dünya ölkələrinin reytinqini açıqlayıblar.
APA TV-nin "We Are The Mighty"yə istinadən verdiyi məlumatına görə, planetin ən güclü ordusu Amerikaya məxsusdur. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq Rusiya və Çin gəlir.
ABŞ-ın illik hərbi xərcləri Çindən 4 dəfə çoxdur. Vaşinqton hər il hərbiyə 577 milyard dollar ayırır. Çində isə bu rəqəm 145 milyard dollar təşkil edir. ABŞ Çin və Hindistana yalnız şəxsi heyətin sayına görə uduzur. Amma Pentaqon hava və donanma qüvvələri baxımından hamıdan öndədir.
Rusiya hərbi texnikanın sayına görə fərqlənir. Bundan əlavə, ölkə böyük neft hasilatçısıdır. Şəxsi heyətə görə Rusiya dördüncüdür.
Çin hava limanları, tank və şəxsi heyətə görə birincidir. Pekin hərb sahəsinə ayırdığı məbləğə görə yalnız ABŞ-dan geridədir. Hindistan son zamanlar hərbi sənayeyə ayırdığı maliyyə və şəxsi heyətin genişləndirilməsi səbəbindən ön sıralara çıxıb. Ölkənin güclü hərbi aviasiyası və hərbi donanması da qeyd edilməlidir.
Beşliyi digər ölkələrdən fərqli olaraq, hərbi texnikanın, aviasiyanın və şəxsi heyətinin o qədər də güclü olmadığı, lakin möhkəm donanmaya və müdafiə büdcəsinə malik Böyük Britaniya tamamlayır. Bundan əlavə, krallığın istənilən aqressoru çətin vəziyyətə sala biləcək yerləşdiyi coğrafi mövqe də yaddan çıxmamalıdır. Növbəti ən yaxşı hərbi qüvvəyə malik olan dövlətlər isə sıralamaya uyğun olaraq Fransa, Cənubi Koreya, Almaniya, Yaponiya və Türkiyə göstərilir.