Prezident III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edib
Mayın 18-də Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı olub.
APA TV-nin xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Dövlət başçısı mərasimdə nitq söyləyib. Sonra BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, UNESCO-nun baş direktoru İrina Bokova, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış ediblər.
Daha sonra BMT-nin Dünya Turizm Təşkilatı baş katibinin turizm və sülh üzrə müşaviri, Orta Şərq üzrə regional direktoru Amr Abdel-Qaffar Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin təbrik məktubunu oxuyub.
Açılış mərasimindən sonra UNESCO-nun və Böyük Britaniyanın “Tudor Rose” nəşriyyatının birgə əməkdaşlığı ilə Mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onillik münasibətilə çap edilmiş “Fərqliliklə razılaşaq” kitabının təqdimatı olub.
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. UNESCO-nun baş direktoru İrina Bokova təqdimat mərasimində çıxış edib. Sonra o, Azərbaycan kəlağayı sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsini təsdiqləyən sənədi birinci xanım, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təqdim edib.
Daha sonra beynəlxalq tərəfdaş təşkilatlar Forumun simvolu ilə mükafatlandırılıblar.