Polis əməkdaşını öldürən dəstə üzvlərinə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində valyutadəyişmə məntəqəsinə basqın etməkdə və polis əməkdaşını öldürməkdə ittiham olunan Radik Ağaməmmədov, Cavid Məhərrəmov, Murad İsayev, Elxan İsrafilov, Elman Musayev, Bağır Azayev, Şamil Manafov, Tərlan Salmanov, Osman Mustafayevun məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən 6 nəfərə 14 il, 1 nəfər 13 il, 1 nəfər 12 il, 1 nəfər isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, 2013-cü il oktyabrın 16-da Qusar şəhərinin ərazisində bir qrup silahlı şəxs valyutadəyişmə məntəqəsinin işçisinə küt alətlə xəsarət yetirib və oradan külli miqdarda pul aparıb. Keçirilən əməliyyat tədbirləri zamanı onlar odlu silahlardan atəş açaraq bir polis əməkdaşını qətlə yetirib, üçünü isə yaralayıblar. Hadisədən sonra 1988-ci il təvəllüdlü Ağamuradov Radik Rükməddin oğlu qaçıb gizlənib.

 

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Radik Ağamuradov, eləcə də onunla birlikdə olan Şamil Manafov və Tərlan Salmanov rayonun Küsnət-Qazma kəndi ərazisində tutulublar. Onlardan “Makarov” və “Naqan” tipli 2 tapança, tapança üçün səsboğucu, 35 ədəd patron, 1 ədəd qumbara, 1 ədəd ov bıçağı və çöl şəraitində istifadə edilən xeyli məişət əşyası aşkar edilərək götürülüb.

Müəllif | Apa.Tv
Apa.tv