Qəbələdə atıcılıq üzrə Qran-Pri yarışları keçirilir
Qəbələ şəhərində Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə II Beynəlxalq Qran-Pri yarışlarının rəsmi açılış mərasimi keçirilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə qazanılan uğurlardan, Heydər Əliyevin xatirəsinə həsr edilən atıcılıq üzrə beynəlxalq yarışın əhəmiyyətindən danışıblar.
Tədbirdə qeyd edilib ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən bu yarış Avropa və dünya çempionatlarından sonra ən mühüm yarışlar sırasındadır və ölkəmizdə atıcılıq idman növü üzrə təşkil edilən ikinci beynəlxalq turnirdir.
Mərasimdən sonra Qəbələ Stend və Ox Atıcılığı Kompleksində yarışlara start verilib. Azərbaycan Atıcılıq Federasiyasının və “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən və ümumi mükafat fondu 96 500 ABŞ dolları olan bu yarışda 17 ölkədən 150-ə yaxın idmançı iştirak edir.
Yarışda Azərbaycanı olimpiya çempionu Zemfira Meftahəddinova, Azərbaycan Atıcılıq Federasiyasının İcraiyyə Komitəsinin üzvü, "Qəbələ" Atıcılıq Klubunun texniki meneceri, dəfələrlə Azərbaycan çempionu Emin Cəfərov, “Qəbələ” İdman Klubunun vitse-prezidenti,dəfələrlə çempionu adını qazanan Elvin İsmayılov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova, tanınmış atıcılardan Paşa Əhədpur, Xanhüseyn Bağırov, Elçin Babayev, Alina Rafiqxanova, Niyaz Ağazadə, Əlimirzə Quliyev, Rəna Ələsgərova, Əli Hüseynli ölkəmizi təmsil edir.
Atıcılığın səngər stendi üzrə qadınlar arasında keçirilən yarışda Azərbaycan idmançısı Rəna Ələsgərova uğurlu çıxışı ilə olimpiya çempionu Makkela- Nummela Satunu (Finlandiya) və Alhaval Saranı (Küveyt) geridə qoyaraq birinci yeri tutub. Hazırda səngər stendi üzrə kişilərin yarışı davam edir. Yarışlara mayın 24-də yekun vurulacaq.