Mübariz Qurbanlı: "Din siyasətə qarışanda radikalizm və ekstremizm çalarları qazanır"
“Bəşəriyyət tarixində din o zaman radikalizm və ekstremizm çalarları qazanır ki, birbaşa siyasətə qarışır. Dövlət teokratik hakimiyyət forması alır. Din vicdan azadlığı və mənəvi məfhum kimi qalsaydı, insanlar din pərdəsi altında bir-biri ilə mübarizə etməzdilər”.
APA TV-nin xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Zorakı ekstremizmə qarşı mübarizə: plüralizm təşviqində və müştərək rifah halının yüksəldilməsində dini liderlərin rolu” mövzulu plenar iclasda çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, bu gün yalnız din pərdəsi altında deyil, eyni zamanda ayrı-ayrı dinlərin öz içərisində də mübarizə gedir. Onun fikrincə, dini maarifçiliyə, təhsilə diqqət yetirilməlidir. Cahillik, savadsızlıq olan yerdə mütləq radikalizm və bunun fəsadları özünü büruzə verir: "Bu gün Azərbaycan dini tolerant ölkə kimi nümunə olacaq səviyyədədir. Ölkədə dini cərəyanların ayrı-ayrı qolları sərbəst şəkildə fəaliyyət göstərir. Dövlətlər də dinə münasibətdə ayrı-seçkilik salmamalıdır. Bizim dövlətimiz hər il büdcədən müxtəlif dini icmalara köməklik göstərir. Azərbaycanda əhalinin 96%-i müsəlmandır, yalnız 4%-i müxtəlif dinlərin nümayəndələridir. Buna baxmayaraq, bütün dinlər üçün ölkədə lazımi şərait yaradılıb".
BMT-nin Sivilizasiyalar Alyansının nümayәndәsi Nasir Әbdülәziz әl-Naser isə bildirib ki, beynәlxalq ictimaiyyәt zorakı ekstremizmә qarşı birgә mübarizә aparmalıdır.
Dini tәhsilin vacibliyini önə çəkən Fransadakı Avropa Kilsәlәr Konfransının vitse-prezidenti Metropolitan Emmanuel tarixi, dini kitablara xüsusi diqqәt yetirilmәsinin əhəmiyyətini önə çəkib.
Qeyd edək ki, forum mayın 19-da başa çatacaq.