Azərbaycan prezidenti: "İlk Avropa Oyunları həm də dostluq və tərəfdaşlıq tədbiri olacaq"

“Bu gün Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvüdür, regional müstəvidə çox müsbət rol oynayır. Bizim təşəbbüslərimiz regional əməkdaşlığın gücləndirilməsinə istiqamətləndirilib. Enerji təhlükəsizliyi ilə bağlı siyasi və iqtisadi məsələlər diqqət mərkəzindədir”.

 

APA TV-nin məlumatına görə, bunu Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın irəli sürdüyü təşəbbüs və layihələr regionun hüdudlarını aşıb. Prezident İlham Əliyevin sözlərinə görə, enerji təhlükəsizliyi məsələsinə nəzər saldıqda, aydın görünür ki, Azərbaycan burada artıq Avropanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayır.

 

Prezident bildirib ki, Azərbaycanın təbii sərvətlərinə və potensialına əsaslanan iqtisadi siyasət müstəqilliyin ilk illərində müəyyənləşdirilən məqsədlərə nail olmağa imkan verib: “Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir - ümumi daxili məhsulun 10 faizinə bərabərdir. Yəni biz donorlardan, sponsorlardan, ianələrdən və beynəlxalq maliyyə qurumlarının yardımlarından asılı deyilik. Halbuki biz onlarla çox fəal əməkdaşlıq edirik. Biz ölkəmizin enerji təhlükəsizliyini maksimum dərəcədə təmin edə bilmişik və bu gün biz digərlərinin enerji təhlükəsizliyini təmin edirik. Həmçinin işsizlik və yoxsulluq kimi sosial məsələlər həll olunur. Burada çox müsbət dinamika görürük. Bu gün Azərbaycan yoxsulluq və işsizliyin ən aşağı səviyyədə olduğu ölkələrdəndir. Bu göstərici 5 faizə bərabərdir”.

 

Dövlət başçısı xatırladıb ki, bir müddət sonra Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edəcək: “2012-ci ilin sonunda qəbul edilmiş qərar çox müdrik qərar idi. Həcminə görə Yay Olimpiya Oyunlarına bərabər oyunların iki il yarım müddətdə təşkil edilməsi böyük çağırış idi. Avropa Olimpiya Komitəsinin dünyada ilk Avropa Oyunlarının müsəlman əhaliyə malik Azərbaycanda keçirilməsi ilə bağlı qərarı son illər qəbul edilmiş ən müdrik qərarlardan biridir. Biz 6000 Avropa idmançısını bir araya gətirəcəyik. Artıq hazırlıq prosesinin yekun mərhələsindəyik. Bu, yalnız böyük idman tədbiri deyil, həm də dostluq və tərəfdaşlıq tədbiri olacaq".

 

Azərbaycan prezidenti deyib ki, iki ildən sonra isə Azərbaycan İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək: "İki il ərzində eyni ölkədə, eyni şəhərdə həm Avropa, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Hesab edirəm ki, iki il ərzində hər iki oyunun eyni ölkədə təşkil edilməsi Avropa idman tarixində nadir hal olacaq".

Müəllif | Apa.Tv
Apa.tv