Azarkeşlər "Beşiktaş" futbolçularına hücum etdi

Türkiyə Superliqasının 32-ci turunda "Torku Konyaspor"a səfərdə 1:0 hesabı ilə məğlub olan və çempionluq şansını itirən "Beşiktaş" klubu İstanbula qayıdıb.

 

APA TV-nin məlumatına görə, komanda üzvləri və texniki heyəti İstanbul hava limanında hiddətli azarkeşlər qarşılayıb.

 

Çempionluq şansı qalmayan komandaya etiraz edən tərəfdarlar klub rəhbərliyi və baş məşqçi əleyhinə şüarlar səsləndirib, klubun avtobusuna hücum çəkib. "Beşiktaş" futbolçuları güclü təhlükəsizlik tədbirləri ilə hava limanını tərk ediblər.

 

Klubun baş məşqçisi Slaven Biliç isə məğlubiyyətdən sonrakı mətbuat konfransında "Beşiktaş"dan ayrılacağının anonsunu verib: "Niyyətim burda qalmaq idi. İndi bunun mümkün olub-olmadığını bilmirəm. Bütün məğlubiyyətlərin məsuliyyətini mən daşıyıram. Klub rəhbərliyi ilə görüşüb, vəziyyəti dəyərləndirəcəyik. Türkiyədə futbolun necə idarə olunduğunu yaxşı bilirəm. Gələn mövsüm "Beşiktaş"ı çalışdırmaq üçün mənə şans veriləcəyini düşünmürəm".

 

Qeyd edək ki, mövsümün bitməsinə iki tur qalmış məğlub olan "Beşiktaş"ın 66 xalı var, hazırda turnir cədvəlinin üçüncü pilləsindədir. Komanda çempionluq şansını tamamilə, ikinci yeri tutmaq şansını isə qismən itirib.

Müəllif | Apa.Tv
Apa.tv