"Barselona" - "Yuventus" finalını Cüneyt Çakır idarə edəcək

“Barselona” və “Yuventus” arasında Çempionlar Liqası final oyununun baş hakimi açıqlanıb.

 

APA TV-nin UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, möhtəşəm finalı türkiyəli hakim Cüneyt Çakır idarə edəcək.

 

Məsuliyyətli sınaqda Çakıra Bahaddin Duran və Tarık Engin yardımçı olacaq. Matçın dördüncü hakimi isə isveçli Yonas Erikson təyin olunub.

 

Qapı arxası hakimlər də türklər olacaq. Hüseyn Göçek və Barış Şimşək Cüneyt Çakırın qapı arxasındakı “gözü-qulağı” olacaqlar. Ehtiyat hakim isə Mustafa Ersoy olacaq.

 

Xatırladaq ki, Çakır bu mövsüm Çempionlar Liqasında 4 oyun idarə edib. 16 sarı, bir qırmızı vərəqə göstərən türk hakim iki dəfə komandaları penalti ilə cəzalandırıb.

 

Qeyd edək ki, FİFA və UEFA səviyyəsində tarixin ən uğurlu türk hakimi hesab edilən Cüneyt Çakırın Türkiyədə özü barəsində formalaşdırdığı rəy fərqlidir. Bəzi klublar onu tərəfli hakimlikdə günahlandırır, aparıcı klubların oyunlarında qəbul etdiyi qərarlar tez-tez mübahisə doğurur.

 

Çempionlar Liqasının finalı Berlində “Olimpiaştadione” arenasında iyunun 6-da keçiriləcək. 

Müəllif | Apa.Tv
Apa.tv