Yanğının söndürülməsinə vertolyot cəlb olundu – ƏN SON GÖRÜNTÜLƏR

Bakıda yaşayış binasında yanğın başlayıb. APA TV-nin xəbərinə görə, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb.

 

Hadisədən sonra "Azadlıq" prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə alternativ olaraq Şövkət Məmmədova küçəsindən istifadə etmələri tövsiyə edib.

 

Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Nazirliyin yaydığı məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, o cümlədən helikopter hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

 

Binanın sakinlərinin təxliyəsinə başlanıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, artıq yaşayış binasında qalan şəxslərdən 6 nəfər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilib. Hazırda binada qalan digər şəxslərin xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir. Yanğın baş verən binada ölənlərin olub-olmadığı hələlik məlum deyil.

 

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında bildirib ki, yanğın baş verən binadan 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirib.   

 

Yanğınla baş verən əraziyə 30 təcili yardım briqadası cəlb olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, indiyə qədər yanğından zərər çəkmiş 15 nəfər ərazidən götürülərək müxtəlif xəstəxanalara yerləşdirilib.

 

Hadisə nəticəsində xəsarət alanlarla bağlı tədbirlərin görülməsi üçün Kliniki Tibbi Mərkəzə, Travmatologiya İnstitutuna və Respublika Yanıq Mərkəzində xüsusi tapşırıqlar verilib.

Müəllif | Apa.Tv
Apa.tv