Makedoniyada gərginlik: İqtidar tərəfdarlarını küçələrə çıxardı
Makedoniya hökuməti Skopye küçələrinə minlərlə tərəfdarını çıxarıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, baş nazir Nikola Qruevski bu addımı atmaqla onu istefaya çağıran aksiya iştirakçılarına cavab verib.
Hökumət başçısı tərəfdarları qarşısında çıxış edib. O bildirib ki, postunu tərk etmək fikrində deyil və müxalifəti böhtan atmaqda günahlandırıb. "Mənim istefamı tələb edənlər Makedoniyanı öz əllərinə almaq istəyən qüvvələrdir. Sizin nümayiş etdirdiyiniz əzm, enerji və güc onlara cavabdır. Bu isə ən yaxşı reaksiyadır" - deyə Qruevski bildirib.
İqtidar tərəfdarları ilə bərabər paytaxtda müxalifətin də nümayişləri davam edir. Bazar günü başlayan mitinqlərə 20 mindən çox vətəndaş qatılıb. Onlar Nazirlər Kabinetinin qarşısında çadırlar qurublar.
Xatırladaq ki, müxalifət baş naziri və onun rəhbərlik etdiyi kabineti korrupsiyada ittiham edirlər.