Bakıda xəstəxanaların idarəçiliyinə həsr olunmuş konfrans başlayıb
Bu gün Bakıda xəstəxanaların idarə olunmasında müasir informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş konfrans keçirilib.
APA TV-nin xəbərinə görə, konfransda çıxış edən Nazirlər Kabinetinin sosial məsələlər üzrə şöbəsinin müdiri Musa Ələkbərov bildirib ki, ölkədə bir çox tibb müəssisəsi kompüter avadanlıqları ilə təchiz olunub.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə artıq tibb müəssisələrində 33 informasiya xidmətinin tətbiq olunduğunu deyib. O qeyd edib ki, tezliklə 5 informasiya xidmətinin tətbiqinə də başlanacaq. Bu günədək 1 milyon körpəyə elektron sağlamlıq kartı verilib:
"Biz həmçinin doğum haqqında şəhadətnamələri, sürücülük vəsiqəsi üçün tibbi arayışları onlayn surətdə verə bilirik. Təcili tibbi yardımın işini asanlaşdırmaq üçün elektron xəritə hazırlanır. Səhiyyə sistemində hazırda 33 xidmət elektron qaydada həyata keçirilir və yaxın zamanlarda daha 5 xidmətin elektronlaşdırılması nəzərdə tutulur".
Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə bildirib ki, aparılan araşdırmaların nəticəsinə görə, hazırda Azərbaycanda hər 20 həkimə 1 kompüter düşür. Nazirlik rəsmisinin sözlərinə görə, bu gün rayonlardakı tibb müəssisələrində informasiya texnologiyaları ilə təminat, internetə çıxış istənilən səviyyədə deyil.
Daha sonra Dünya Bankının eksperti Layoş Kovaks elektron səhiyyədə Avropa təcrübəsindən danışıb.