“Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda təlim-konfrans keçirildi
Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Universitetində "Bakı-2015" I Avropa Oyunlarının təbliğinə həsr olunmuş “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda təlim-konfrans keçirilib.
APA TV-nin xəbərinə görə, təlim-konfransda Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistika fakültəsinin tələbələri iştirak edir.
“AzərTAC” Dövlət İnformasiya Agentliyi, “Azad Azərbaycan” televiziyası və “APA Holding”in informasiya dəstəyi ilə təşkil olunan konfransda media və təhsil əlaqələri, təhsilin keyfiyyəti və KİV, ictimaiyyətlə əlaqələr (PR) üzrə peşəkar vərdişlərin yaradılması ilə bağlı təqdimatlar dinlənilib və təlimlər keçirilib.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib ki, ixtisaslı jurnalist hər bir sahədə olduğu kimi, təhsildə də olmalıdır. Bu istiqamətdə nazirlik tərəfindən müəyyən işlər görülür və gələcəkdə də davam etdiriləcək. Onun sözlərinə görə, hazırda nazirliyə yaxın media qurumlarından birində studiya qurulur və bu işlər artıq tamamlanma ərəfəsindədir.
İştirakçılar informasiya kampaniyalarının keçirilməsi, press-relizlərin yazılması, sosial qruplarla iş və digər mövzularda öz bilik və bacarıqlarını artırıblar. Tədbirin davamında "APA Holding"in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, bu cür tədbirlər nəzəri bilikləri möhkəmləndirməklə yanaşı, ortaya çıxan problemlərin müzakirə edilib, çıxış yollarının tapılması baxımından da əhəmiyyətlidir: "Təhsil müəssisələrinin piar işi ilə məşğul olanlar media, vətəndaş cəmiyyəti institutları ilə bir yerdə ölkədə təhsilə etimadın artması yönündə daimi və fəal iş aparmalıdırlar. Bu, qətiyyən hazırda Azərbaycan təhsil sisteminə inamın olmaması kimi başa düşülməməlidir. Bir neçə yüz il yaşı olan təhsil müəssisələri də öz sistemlərinə etimad yaratmaq, məhz onları seçməyin səbəblərini əsaslandırmaq üçün iş aparır. Bizim də təhsil sahəsindəki hər bir piar mütəxəssisimizin başlıca işi bu olmalıdır. Digər addımlar da məhz bu etimadlın möhkəmlənməsinə xidmət etməlidir. Belə olacağı təqdirdə biz həm ölkə daxilindən, həm də xaricdən Azərbaycan ali məktəblərinə daha çox tələbə cəlb edə biləcəyik".
Vüsalə Mahirqızı qeyd edib ki, ali məktəblərin ictimaiyyətlə əlaqələr departamentləri təkcə bu müəssisələrin müsbət addımlarının piarına deyil, həmçinin problemlərin obyektiv işıqlandırılmasına da dəstək olmalıdırlar: "Ədalət naminə deyim ki, ali məktəblərin mətbuat xidmətlərinin rəhbərləri bu barədə müsbət davranış nümayiş etdirirlər. Onların əksəriyyəti yaranmış problemə dərhal reaksiya verir, rəsmi şəxsləri tapıb media ilə əlaqə yaradır və problemin obyektiv işıqlandırılmasına kömək edirlər. Məncə, ali məktəblərin mətbuat xidmətləri rektorun və ya rəhbərliyin işini işıqlandırmaqla yanaşı, ali məktəbin uğurlarını, tələbələrin nailiyyətlərini, elmi işçilərin ixtiralarını da mütəmadi işıqlandırmalıdırlar. Universitetlərin rəsmi səhifələri ilə yanaşı, hər bir ali məktəbin fan-səhifələrini də yaratmaq olar. Həmin səhifələrdə müxtəlif viktorinalar, müsabiqələr keçirməklə universitet tələbələrini toplamaq, hətta digər universitetlərin tələbələri ilə əməkdaşlıq etmək, beləliklə də, uğurlu piar qurmaq mümkündür".
Tədbirdə ATV-nin prezidenti Vüqar Qaradağlının, Təhsil Nazirliyi İnformasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sahəsində institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarovun, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri Aynur Kərimovanın, PR üzrə ekspert Aynur Rəşidovanın məruzələri dinlənilib.
Təlim-konfransda uğur qazanmış iştirakçılara sertifikatlar verilib.
Qeyd edək ki, bu, təlim-konfrans Təhsil Nazirliyinin “Media və təhsil dialoqu” çərçivəsində keçirdiyi sayca üçüncü konfransdır.