Yanğında ölənlərin sayı 15-ə çatdı

Mayın 19-da Azərbaycan paytaxtında çoxmərtəbəli binada baş verən yanğın nəticəsində xəsarət almış 56 nəfərə tibbi yardım göstərilib.


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın APA-ya verdiyi məlumata görə, həmin şəxslərdən 34 nəfər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə, 2 nəfər 6 saylı şəhər xəstəxanasına, 4  Travmatologiya və Ortopediya İnstitutuna, 1 Yanıq Mərkəzinə yerləşdirilib. 15 nəfərə hadisə yerində yardım göstərilib.

 

Onun sözlərinə görə, hadisə yerindən 14 meyit götürülüb. Bundan başqa, 1 nəfər Klniki Tibbi Mərkəzdə vəfat edib. Bununla da hadisə nəticəsində ölənlərin sayı 15-ə çatıb.

 

Xəsarət alanların çoxunun vəziyyəti normal dəyərləndirilir. Hazırda Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində 14 nəfər qalıb ki, onların da vəziyyəti yaxşıdır. 

 

Yanğın nəticəsində ölən 14 nəfərdən daha 3 nəfərin şəxsiyyəti müəyyənləşib. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev bildirib ki, onlar 58 yaşlı Həsənova Alla Antonovna, 67 yaşlı Utuyevsil Yuri Vladimiroviç və 68 yaşlı Yəhyayeva Elmira Əliağa qızıdır.

 

Qeyd edək ki, hadisə nəticəsində ölənlərin 11 nəfərinin kimliyi daha əvvəl müəyyənləşib. Bunlar Məhərrəmova Fərəh Elnur qızı (3 yaş), Bağırov Sahib Rəhim oğlu (49 yaş), Bağırova Firəngiz Rəhim qızı (60 yaş), Şirinova Zülfiyyə Yavər qızı (43 yaş), Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş), Eyvazov Davud Hamir oğlu (16 yaş), Eyvazova Ülkər Hamir qızı (21 yaş), Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğludur (2 yaş).

 

Ölənlərdən Bağırova Firəngiz Rəhim qızı ilə Bağırov Sahib Rəhim oğlu qardaş-bacıdırlar. Eyvazov Davud Hamir oğlu ilə Eyvazova Ülkər Hamir qızı isə Şirinova Zülfiyyə Yavər qızının övladlarıdır. 

Müəllif | Apa.Tv
Apa.tv