Səudiyyə Ərəbistanı: Yəmənin bombardmanı ara verməyəcək
Səudiyyə Ərəbistanının başçılıq etdiyi "ərəb koalisiyası"nın hərbi hava qüvvələri Yəməni bombalamaqda davam edir.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Səudiyyə komandanlığından bildirilib ki, aviazərbələr husilərin təslim olacağı vaxta qədər ara verməyəcək.
Ər-Riyad hesab edir ki, bazar günü başa çatmış "humanitar atəşkəs" müddəti ümumi məqsədə çatmaq baxımından bir nəticə verməyib. Həmin yardımlar isə sakinlərə deyil, üsyançılara çatdırılıb.
BMT-nin baş katibi Pan Gi Mun isə qarşıdurma tərəflərini dialoqu davam etdirməyə səsləyib. "Mən hər iki tərəfi siyasi danışıqlar yoluna dəvət edirəm. Məsələn, bu danışıqlar çox tezliklə Cenevrədə keçirilə bilər" - deyə o, təklif edib.
Bu arada Ər-Riyadda keçirilən "Yəmənin xilası" konfransında adı çəkilən ölkənin devrilmiş hakimiyyətinin vitse-prezidenti Xaled Baxax bildirib ki, bu təklif yalnız husilər silahı yerə qoyduqdan sonra reallaşa bilər. "Üsyançılar BMT TŞ-nın 2216 maddəsinə riayət etməyincə Yəmən hakimiyyəti onlarla danışığa getməyəcək" - deyə Baxax vurğulayıb.