Poroşenko: "Hərbi yolla ərazilərimizi geri qaytarmaq iqtidarında deyilik"
Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin Rusiya ilə müharibə vəziyyətində olduğunu bildirib.
APA TV-nin məlumatına görə, BBC-yə müsahibəsində Poroşenko Ukraynanın qərbində təlim keçən hərbi qüvvələrin Ukraynanın itirdiyi şərq vilayətlərinin geri qaytarılması üçün formalaşdırıldığını bildirib.
"Hesab edirəm ki, biz buna hazır olmalıyıq. Hazırda isə qarşı tərəfin bizi ittiham etməsi üçün onlara ən kiçik bəhanə belə vermirik. Əgər atəşkəs pozularsa, bunun məsuliyyətini qarşı tərəf daşıyacaq" - deyə o, əlavə edib.
Jurnalistin "Siz Putinə etibar edirsinizmi?" sualına Ukraynanın dövlət başçısının cavabı belə olub: "Ona etibar etmək? Qətiyyən".
Daha sonra Poroşenkoya növbəti sual ünvanlanıb: "Etibar etmədiyiniz biri ilə necə danışıqlar aparacaqsınız?" Cavabında Ukrayna prezidenti etiraf edib ki, onun başqa çıxış yolu yoxdur: "Çünki biz hərbi yolla ərazilərimizi geri qaytarmaq iqtidarında deyilik".